Odlar Yurdu Universitetində Rəşad Xəlilovun “Web of Science elm adamlarına niyə lazımdır?” mövzusunda seminarı keçirilmişdir

13 Yanvar, 2023

Odlar Yurdu Universitetində Rəşad Xəlilovun “Web of Science elm adamlarına niyə lazımdır?” mövzusunda seminarı keçirilmişdir
OYU-da ETN Dendrologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilovun “Web of Science elm adamlarına niyə lazımdır?” mövzusunda seminarı keçirilmişdir.
Rəşad Xəlilov dünyanın ən böyük elmi-tədqiqat platforması olan və “Clarivate Analytics” bazasında yer alan “Web of Science”dən istifadə qaydaları haqqında seminar iştirakçılarına geniş məlumat vermişdir.
Məruzəçi tərəfindən təqdim olunan slayd və videoçarxda professor-müəllim heyətinin “Web of Science” bazasından istifadəsini asanlaşdırmaq üçün məlumatlar yer almışdır. Seminarda iştirakçılara bazadan istifadə qaydaları, o cümlədən, məqalələrin, jurnalların bazaya yerləşdirilməsi, axtarış sistemindən istifadə və s. haqda məlumatlar verilmişdir.
Seminarda Odlar Yurdu Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, prof. Tərlan Abdullayev, Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov, Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov, Xarici tələbələrlə iş departamentinin müdiri Fidan Qasımova, kafedra müdirləri və professor-müəllim heyəti iştirak etmişlər. Çıxışdan sonra iclas iştirakçıları mövzu ətrafında müzakirələr aparmış və məruzəçiyə bir sıra suallar ünvanlamışlar. Sonda prof. Tərlan Abdullayev mövzunun olduqca aktual və maraqlı olduğunu vurğulayaraq məruzəçiyə fəaliyyətində uğurlar arzulamışdır. Seminar faydalı və yeniliklərlə zəngin olduğu üçün iştirakçılar tərəfindən müsbət dəyərləndirilmişdir.