OYU-da “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gələcək gənclərə aiddir” adlı konfrans baş tutmuşdur

03 Fevral, 2023

OYU-da “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gələcək gənclərə aiddir” adlı konfrans baş tutmuşdur

Odlar Yurdu Universitetində Azərbaycan Gəncləri Gününə həsr olunmuş " Gələcək gənclərə aiddir" adlı konfrans keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri, eyni zamanda Odlar Yurdu Universitetin Müşahidə şurasının sədri, h.e.d., professor Samir Vəliyev bayram münasibətilə gəncləri təbrik etmiş və çıxışında vurğulamışdır ki, ölkəmizdə gənc nəslin mənəvi-ideoloji, fiziki tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin əsasını təşkil edir. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkə gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.
Daha sonra 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş video-çarx təqdim olunmuşdur.
Konfransda Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin çıxışları dinlənilmişdir.
Tədbirin sonunda universitetin ictimai həyatında fəal iştirak edən bir qrup tələbə fəxri fərmanla təltif olunmuşdur.
Qeyd edək ki , konfransda Odlar Yurdu Universitetin prorektorları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.