Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf istiqamətləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Açılış nitqi ilə çıxış edən konfransın moderatoru və OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., prof. Elşad Məmmədov tələbələrin elmə olan marağını yüksək qiymətləndirdiyini və gənclərin tədqiqat işlərini yaxından izlədiyini bildirmişdir.
Konfransda çıxış edən Odlar Yurdu Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, prof. Tərlan Abdullayev konfrans iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə etmiş, konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, belə tədbirlərin təqdirəlayiq olduğunu, gələcəkdə də davam edəcəyini vurğulayaraq, belə mühüm konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.
Sonra konfransda iştirak edən tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib.
Məruzələr əsasən: "Azərbaycanın iqtisadi inkişafı", "Müharibədən sonrakı dövrdə Azərbaycanın iqtisadi inkişaf perspektivləri", "İqtisadi inkişafa mane olan amillər", "Dayanaqlı inkişafa təsir edən amillər" və bu kimi mövzulardan ibarət idi.
Çıxışlardan sonra, konfrans iştirakçıları mövzular ətrafında məruzəçilərə bir sıra suallar ünvanlamışlar. Mövzuların aktual və maraqlı olduğu vurğulanmışdır. Mövzular və çıxışlar konfrans iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.