Odlar Yurdu Universitetində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir

24 Fevral, 2023

Odlar Yurdu Universitetində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Xocalı soyqırımı qurbanlarının və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, prorektorlar, departament və kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişdilər.
Tədbirin əvvəlində TGT-nin sədri Sevgiyyə Əliyeva tədbir iştirakçılarını salamlamış, geniş və əhatəli şəkildə məruzə etmişdir. Sonra isə Xocalı soyqırımını əks etdirən qısametrajlı sənədli film nümayiş olunmuşdur. Daha sonra Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin çıxışları dinlənilmişdir.
Sonda çıxış üçün söz Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə verilmişdir.
O, çıxışında Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli hadisələrdən biri və Ermənistanın 200 ildən bəri həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir. Rektor vurğulamışdır ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir.
Professor Əhməd Vəliyev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildiyini konfrans iştirakçılarına xatırlatmış və qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün dünyanın bir çox ölkələri tərəfindən Xocalı soyqırımı tanınır.
Tədbirin sonunda professor Əhməd Vəliyev Xocalı soyqırımına həsr olunmuş "İnşa-yazı", "Rəsm" və "Divar qəzeti" müsabiqələrində qalib gəlmiş Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin komandaları və müsabiqə iştirakçılarını mükafatlandırmışdır.