Odlar Yurdu Universitetində Novruz bayramı ilə əlaqədar şənlik təşkil olunmuşdur

18 Mart, 2023

Odlar Yurdu Universitetində Novruz bayramı ilə əlaqədar şənlik təşkil olunmuşdur

Odlar Yurdu Universitetində Novruz bayramı böyük coşqu ilə qeyd olunmuşdur.
Tədbirdə çıxış edən OYU-nun rektoru, professor Əhməd Vəliyev Novruz bayramını Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Odlar Yurdu Universitetinin tədbirlər planında öz əksini tapdığını xüsusi qeyd etmiş və bu gözəl bayram münasibətilə xalqımızı, OYU-nun müəllimlərini, əməkdaşlarını və tələbələrini təbrik etmiş, bolluq, bərəkət rəmzi olan Novruzun bütün evlərə, ailələrə xoşbəxtlik, firavanlıq gətirməsini, çətinliklərin, problemlərin ötən ildə qalmasını arzulamışdır.
Professor Əhməd Vəliyev Novruz bayramının işğaldan azad olunan torpaqlarımızda da qeyd olunduğunu fəxrlə vurğulayaraq bu sevinci bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, qalib Ordumuzun cəsur əsgərlərinə, qəhrəman Vətən oğullarımıza minnətdarlığını bildirmişdir.
Novruz tonqalını alovlandıran OYU-nun rektoru, professor Əhməd Vəliyev gənclərin milli ruhda böyüməsi üçün tələbələrə milli adət-ənənələrimizi öyrənmələrini və yaşatmalarını da tövsiyə etmişdir.
Sonra tədbir bədii-musiqili hissə ilə davam etmişdir.
Azərbaycanın Əməkdar artisti, bəstəkar və müğənni Elza Seyidcahan tədbirin bədii-musiqili hissəsini açaraq repertuarına daxil olan köhnə və yeni mahnılarını tədbir iştirakçılarına təqdim etmişdir.
Elza xanım Novruz bayramı münasibətilə OYU-nun müəllimlərini, əməkdaşlarını və tələbələrini təbrik etmiş bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərdə nailiyyətlər arzulamışdır.
Daha sonra tələbələrimizin təqdimatında Novruz bayramının personajları olan Kosa və Keçəlin iştirakı ilə səhnəciklər göstərilmişdir. Odlar Yurdu Universiteti və Odlar Yurdu Kolleci tələbələrinin təqdim etdiyi rəngarəng, oynaq, milli rəqsləri, ifaları, Novruz bayramına həsr olunmuş şeirləri, bayatıları alqışlarla qarşılanmışdır.