OYU-da 3-cü Ahi Evran Beynəlxalq Elmi Tədqiqatlar Konqresinin açılış mərasimi keçirilmişdir

04 May, 2023

OYU-da 3-cü Ahi Evran Beynəlxalq Elmi Tədqiqatlar Konqresinin açılış mərasimi keçirilmişdir
Odlar Yurdu Universiteti və IKSAD institutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 3-cü Ahi Evran Beynəlxalq Elmi Tədqiqatlar Konqresinin plenar iclasının açılış mərasimi keçirilmişdir.
Tədbirdən öncə konqres iştirakçıları müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Odlar Yurdu Universitetinin foyesində qoyulmuş büstünü ziyarət etmiş, tər çiçək dəstələri qoymuşlar.
Sonra qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş rəsm sərgisi ilə, həmçinin universitetimizdə tələbələr üçün yaradılan şəraitlə, eləcə də universitetdə tədrisin keyfiyyəti ilə yaxından tanış olmuşlar.
Konqresin əvvəlində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İlk öncə, tədbiri Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov açaraq, konqres iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə etmiş və konqres haqqında ümumi məlumat vermişdir.
Çıxış edən Kırşehir Ahi Evran Universitetinin professoru, dr. Ahmet Kazankaya belə bir beynəlxalq elmi konqresin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, belə tədbirlərin təqdirəlayiq olduğunu, gələcəkdə də davam edəcəyini vurğulayaraq, belə mühüm konfransın təşkilində əməyi olan hər kəsə və xüsusilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə öz təşəkkürünü bildirmişdir.
Daha sonra, Odlar Yurdu Universitetinin professoru Abdulla Avey Sofiyev "Recent developments on nanocomposites and vibration analysis of plates made of heterogeneous nanocomposites in different environments" mövzusu haqqında ətraflı çıxış etmişdir.
Qonaq qismində iştirak edən IKSAD universitetinin koordinatoru, dr. Əlvan Cəfərov tərəfindən universitetimizin professor-müəllim heyətinə təşəkkürnamələr və hədiyyələr təqdim olunmuşdur.
Ardından, professor Tərlan Abdullayev açılış mərasiminin bitdiyini elan edərək, konfransın davamının hər bir konfrans iştirakçısı üçün ayrı-ayrı bölmələrdə olacağını bildirmişdir.
Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.