Odlar Yurdu Universitetində “Heydər Əliyev - tam səmimi” adlı tədbir keçirilmişdir

10 May, 2023

Odlar Yurdu Universitetində “Heydər Əliyev - tam səmimi” adlı tədbir keçirilmişdir
Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - tam səmimi” adlı tədbir keçirilmişdir.
Tədbir iştirakçıları öncə müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Odlar Yurdu Universitetinin foyesində qoyulmuş büstünü ziyarət etmiş, tər çiçək dəstələri qoymuşlar.
Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilmiş, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İlk öncə, tədbiri Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, professor Samir Vəliyev açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və tədbir haqqında ümumi məlumat vermişdir.
Çıxış edən professor Samir Vəliyev bütün varlığı ilə xalqına bağlı olan, qəlbi daim vətən eşqi ilə döyünən, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışmışdır.
Professor Samir Vəliyev çıxışının sonunda qeyd etmişdir ki, mənalı və dəyərli ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.
Sonra Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunmuşdur.
Tədbirin bədii hissəsində Heydər Əliyevin dinlədiyi, sevdiyi bəstələr və milli rəqslər bizim istedadlı tələbələr tərəfindən ifa edilmiş və alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası Ümummilli Liderin ən çox sevdiyi əsər olduğundan Odlar Yurdu Universitetinin tələbələri tərəfindən həmin pyes tamaşaçılara təqdim olunmuşdur.
Qeyd edək ki, tədbirdə Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, prorektorları, departament və kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.