Odlar Yurdu Universitetinin əməkdaşları və tələbələri beynəlxalq sərgilərdə iştirak etmişlər

22 May, 2023

Odlar Yurdu Universitetinin əməkdaşları və tələbələri beynəlxalq sərgilərdə iştirak etmişlər
Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov, Biologiya və ekologiya kafedrasının müdiri, a.e.f.d., dos. Tamilla Kərimova, kafedranın müəllimləri a.e.f.d., dos. Sevinc Məhərrəmova və Ləman Məcidova, həmçinin universitetimizin tələbələri Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") iştirak etmişlər.
Sərgilərdə iştirak edən universitetimizin əməkdaşları və tələbələri kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma sistemləri, elektron kənd təsərrüfatı, istixana bölmələri, eləcə də pilotsuz uçuş aparatları, IT xidmətləri, əşyaların interneti, süni intellekt, alternativ enerji mənbələri kimi smart bölmələrlə yaxından tanış olmuşlar.
“Caspian Agro” sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “Aqrar İnnovasiyalar Forumu” adı altında kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən panel müzakirələri keçirilmişdir.
Sessiyalar zamanı respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunmuş, bu sahədə tətbiq edilən innovativ həllər və nəticələr barədə informasiya-məsləhət xarakterli məlumatlar bölüşülmüş, Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və tələbələrin sərgi ərazisi ilə tanış olmaları üçün infoturlar təşkil olunmuşdur.