Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Belçika Krallığında təşkil olunmuş səfərdə iştirak edən Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov universitetimizin professor-müəllim heyəti ilə görüş təşkil edərək səfər barədə ətraflı məlumat vermişdir.
Səfər çərçivəsində əsas görüşlərin EFMD Global qurumunda təşkil olunduğunu bildirən prorektor Qabil Qafarov, 12-17 dekabr tarixlərini əhatə edən tədbirin məqsədinin ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsi olduğunu bildirmişdir.
Qeyd olunan səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti, rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universitetinin, İspan Rektorlar Konfransının, Avropa Beynəlxalq Təhsil Assosiasiyasının, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyinin, Alman Akademik Mübadilə Xidməti DAAD-nin nümayəndələri iştirak etmişdilər.
Prorektor Qabil Qafarov səfər müddətində EFMD Global və digər Avropa partnyorları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşməsi, beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi, beynəlxalq layihələr, Alman Akademik Mübadilə Xidməti və bir çox mühüm mövzularda seminarların və təqdimatların keçirildiyini bildirmişdir.