OYU-da “Bitki paraziti nemotodların öyrənilməsi və onlara qarşı mübarizə tədbirləri” mövzusunda təlim keçirilmişdir

01 İyun, 2023

OYU-da “Bitki paraziti nemotodların öyrənilməsi və onlara qarşı mübarizə tədbirləri” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrası tərəfindən Təbiət, texniki və dizayn fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Bitki paraziti nemotodların öyrənilməsi və onlara qarşı mübarizə tədbirləri" mövzusunda təlim təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun aparıcı elmi işçisi, a.e.ü.f.d., dos. Mərdan Tağıyev tərəfindən keçirilmiş təlimdə Abşeron bölgəsində yayılmış əsas nematod növlərinin anatomik quruluşu, bioekoloji xüsusiyyətləri, onların tərəvəz bitkilərinin məhsuldarlığına təsiri və iqtisadi ziyanlı həddinin öyrənilməsi istiqamətində aparılmış elmi-tədqiqat işlərinin nəticələri haqqında geniş məlumat verilmişdir.
Tələbələrimizə bitki paraziti kök nematodlarına qarşı profilaktik, sanitar, qabaqlayıcı, fiziki və mexaniki tədbirlərin, eyni zamanda aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin tətbiq reqlamenti təqdim olunmuşdur.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Təlimdə Odlar Yurdu Universitetinin Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov, İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri, dos. Rahib İmamquliyev, Biologiya və ekologiya kafedrasının müdiri, a.e.ü.f.d., dos. Tamilla Kərimova, kafedranın professor-müəllim heyəti və Təbiət, texniki və dizayn fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri iştirak etmişlər.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.