OYU-da “Abşeron dendroflorasının müasir fitosanitar vəziyyəti” mövzusunda təlim keçirilmişdir

12 İyun, 2023

OYU-da “Abşeron dendroflorasının müasir fitosanitar vəziyyəti” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrası tərəfindən Təbiət, texniki və dizayn fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Abşeron dendroflorasının müasir fitosanitar vəziyyəti" mövzusunda təlim təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun aparıcı elmi işçisi, a.e.ü.f.d. Şaməddin Qəhrəmanov tərəfindən keçirilmiş təlimdə finik palmalarına ciddi ziyan verən qırmızı palma böcəyindən ümumi məlumat verilmişdir. Daha sonra həmin zərərvericinin respublika ərazisində yayılmasının qarşısını almaq üçün mənbələri vaxtında aşkarlanaraq məhv edilməsi üçün mübarizə tədbirlərindən danışılmışdır.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Təlimdə Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının müdiri, a.e.ü.f.d., dos. Tamilla Kərimova, kafedranın professor-müəllim heyəti və Təbiət, texniki və dizayn fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri iştirak etmişlər.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.