OYU-nun Təbiət, texniki və dizayn fakültəsində təhsil alan tələbələrin istehsalat təcrübəsi uğurla başa çatmışdır

14 İyun, 2023

OYU-nun Təbiət, texniki və dizayn fakültəsində təhsil alan tələbələrin istehsalat təcrübəsi uğurla başa çatmışdır
Odlar Yurdu Universitetinin Təbiət, texniki və dizayn fakültəsində təhsil alan tələbələrin ölkənin müxtəlif dövlət və özəl qurumlarında istehsalat təcrubəsi uğurla başa çatmışdır.
Qeyd edək ki, İstehsalat təcrübəsi Odlar Yurdu Universitetinin Karyera və təcrübə mərkəzi və Biologiya və ekologiya kafedrası tərəfindən bakalavr pilləsinin "Biologiya" və “Ekologiya” ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün təşkil olunmuşdur.
Tələbələrimiz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azelab” MMC, “İnci” laboratoriyalarında və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriyalarında təcrübə keçmiş və müxtəlif sərgilərdə iştirak etmişlər.
Tələbələrimiz Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriyalarında müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi, gübrələnməsi, suvarılması və klonlaşdırılması ilə tanış olmuşlar.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azelab” MMC-də su, torpaq və hidrobiologiya sektorunda tələbələrimiz suyun fiziki-kimyəvi analizində iştirak etmişlər. Bundan əlavə laboratoriyada sintetik səthi-aktiv maddələr, aylıq çay su nümunələrində codluğun, xloridin və s. filtrasiya yolu ilə təyin olunması tələbələrimizə öyrədilmişdir.
“İnci” laboratoriyalarında tibbi biokimya, molekulyar biologiya, hemotologiya, seroloji bölmələrdə tələbələrimiz müxtəlif cihazlarla tanış olmuşlar və analizlərin aparılmasında, yaxmaların hazırlanmasında yaxından iştirak etmişlər.
Bundan əlavə tələbələrimiz 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") iştirak etmişlər.
Sərgilərdə iştirak edən tələbələrimiz kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma sistemləri, elektron kənd təsərrüfatı, istixana bölmələri, eləcə də pilotsuz uçuş aparatları, IT xidmətləri, əşyaların interneti, süni intellekt, alternativ enerji mənbələri kimi smart bölmələrlə yaxından tanış olmuşlar.