OYU 2023 məzunlarının buraxılış mərasimi

24 İyun, 2023

OYU 2023 məzunlarının buraxılış mərasimi
Odlar Yurdu Universitetində 2023-cü ilin universitet və kollec məzunlarının buraxılış mərasimi keçirilmişdir.
İlk öncə tədbir məzunlarımızın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Sonra tələbələrimiz universitetin məzunu olmuş Fidan Suleymanovanın müəllifi olduğu "Odlar Yurdu Universitetim" mahnısını ifa etmişlər.
Məzunluq andını oxuyan məzunlarımız Odlar Yurdu Universitetinin şərəfini qoruyacağına və universitetimizdə əldə etdiyi bilik və bacarığları tətbiq edərək xalqımız və vətənimiz üçün faydalı olacağına and içmişdilər.
Öz çıxışında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev məzun adını qazanan bütün tələbələri təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasətindən bəhs edən professor Əhməd Vəliyev bildirmişdir ki, hazırda cəmiyyətin aparıcı qüvvəsini təşkil edən və gələcəyin təminatçısı olan gənclərimizin hərtərəfli inkişafına yüksək diqqət və qayğı göstərilir. Məzunlarımızın universitetdən sonrakı dönəmdə də müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqlarının davamlı artırılmasının, cəmiyyətə fayda qazandıracaq fəaliyyətlərində iştirakının əhəmiyyətini vurğulayan cənab rektor məzunlara uğurlar arzulamışdır.
Daha sonra Odlar Yurdu Universitetini və kollecini müvəffəqiyyətlə başa vuran, akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlar fəxri fərmanlarla təltif edilmiş və xatirə şəkilləri çəkdirilmişdir.
Rəsmi hissədən sonra tədbir bədii və əyləncəli proqramla davam etmişdir.
OYU-nun məzunlarının təqdimatında müxtəlif mahnılar və rəqslər ifa olunmuşdur.
Tələbələrimiz bəstəkar Telman Hacıyev və şair Cabir Novruz tərəfindən tərtib edilmiş "Tələbəlik illəri" mahnısı ifa etmişdilər.
"Məzun Günü" atəşfəşanlıqla başa çatmışdır.