Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində 3-7 iyul tarixlərini əhatə edən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminar Belçika Krallığının paytaxtı Brüsseldə baş tutmuşdur.
Növbəti görüş Avropa Universitetlər Assosiasiyasının Brüssel ofisində keçirilmişdir.
Baş tutmuş görüşdə baş katib Amanda Krofut Avropa Universitetlər Assosiasiyası (EUA) haqqında hazırlanmış təqdimat ilə görüş iştirakçılarını tanış etmişdir.
Daha sonra baş katib Amanda Krofutun OYU-nun Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarovla ikitərəfli görüşü baş tutmuşdur.
Baş tutmuş ikitərəfli görüşdə OYU-nun prorektoru Qabil Qafarov unviersitetimizin tarixi, elmi fəaliyyəti və beynəlxalq əlaqələri haqqında baş katibə ətraflı məlumat vermişdir.
Avropa Universitetlər Assosiasiyasının baş katibi öz növbəsində təmsil etdiyi qurum haqqında geniş məlumat vermişdir.
Tərəflər Odlar Yurdu Universiteti ilə Avropa Universitetlər Assosiasiyası arasında elmi əlaqələrin möhkəmləndirilməsi, akademik və mədəni əməkdaşlığın genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparmışlar, həmçinin OYU-nun Avropa Universitetlər Assosiasiyasına üzvlük məsələsi müzakirə olunmuşdur.
Sözügedən görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycan universitetlərindən prorektorlar və digər rəhbər şəxslər iştirak etmişlər.
Qeyd edək ki, görüşdə Odlar Yurdu Universitetini Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov təmsil etmişdir.