Odlar Yurdu Universitetində ilk tədris günü

15 Sentyabr, 2023

Odlar Yurdu Universitetində ilk tədris günü
Odlar Yurdu Universitetində 2023/2024-cü tədris ilinin başlanmasına və Bilik Gününə həsr olunmuş tədbir keçirilmişdir.
İlk öncə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra ölkəmizin azadlığı, müstəqilliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Universitetimizin rektoru, professor Əhməd Vəliyev professor-müəllim heyətini, tələbələri ilk dərs günü münasibətilə təbrik etmiş, onlara təhsil həyatında uğurlar diləmişdir. Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir!” ifadəsini sitat gətirən rektor dövlətimizin elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan islahatlardan danışmışdır.
Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dos. Aynurə Qurbanova çıxış edərək Odlar Yurdu Universitetinin tələbəsi adını qazanan gəncləri təbrik etmiş, onlara universitetimiz haqqında ətraflı məlumat vermişdir.
Sonra Odlar Yurdu Universitetinin 2023/2024-cü tədris ilinin 1-ci kurs bakalavr və magistr tələbələri universitetin inzibati binasında, sinif otaqlarında, kitabxanasında yaradılan şəraitlə yaxından tanış olmuşlar.