Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti işgüzar səfər Estoniyanın Tallin Texnologiya Universitetində (Taltech) baş tutmuşdur.
Qeyd olunan səfərdə Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsyayev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və ali təhsil müəssisələrinin prorektorları, inzibati və akademik heyət üzvləri iştirak etmişlər.
Səfərin əsas məqsədi sahibkarlıq təhsilinin inkişaf etdirilməsi və ali təhsildə sahibkarlıq mühitinin formalaşdırılması üzrə Estoniya təcrübəsinin öyrənilməsi olmuşdur. Səfər zamanı Taltech universitet ilə, Mektori adlanan Taltech İnnovasiya və Biznes Mərkəz ilə tanışlıqlar, Estoniyanın Təhsil və Gənclər Şurasının nümayəndələri ilə görüşlər baş tutmuş, peşəkar mütəxəssislər tərəfindən təqdimatlar həyata keçirilmişdir.
Qeyd olunan təlimlər sahibklarlığın kurrikuluma inteqrasiyası, sahibkarlıq əlaqələrinin və sahibkarlıq təhsilinin sistemli inkişaf etdirilməsi, Estoniya Tədqiqat və İnkişaf, İnnovasiya və Sahibkarlıq Strategiyası, eyni zamanda Estoniya startap mühiti, sənayenin rəqəmsallaşması, elektron idarəetmə kimi mühüm mövzulara həsr olunmuşdur.
Təlimin son günü layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan ali təhsil müəssisəsinin layihə üzrə məsul şəxsləri sahibkarlıq üzrə universitetlərdə həyata keçirilən fəaliyyətlər və planlar barədə təqimatlarla çıxış edərək təcrübə mübadiləsi aparmışdılar.
Son iclasda universitetimizin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov Odlar Yurdu Universitetində “Ali təhsildə sahibkarlıq mühitinin formalaşdırılması” mövzusunda məruzə ilə çıxış etmişdir.