Odlar Yurdu Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və çoxsaylı tələbələri adından Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq

27 Sentyabr, 2023

Odlar Yurdu Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və çoxsaylı tələbələri adından Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq
Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu, şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramın əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır.
Azərbaycan xalqının öz Ordusuna olan inamı, Xalqımız Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı olan Ali Baş Komandanın ətrafında sıx birləşməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumuna da olduqca müsbət təsir etmişdir. Bunun nəticəsi olaraq, yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimiz tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atırdı. Bu, rəşadətli əsgər və zabitlərimizin Vətənə olan sevgisindən, eyni zamanda öz Ali Baş Komandanına olan sonsuz güvənindən və qələbəyə inamından qaynaqlanırdı.
Məhz bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Vətən uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bildiririk.
Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin!