Dünya Barış Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində

16 Oktyabr, 2023

Dünya Barış Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində

Şimali Kipr Türk Cümhuriyyətinin Dünya Barış Universitetinin rektoru, prof. Dr. Mustafa Sağsan və universitetin nümayəndə heyəti Odlar Yurdu Universitetində olmuşlar.
Görüşdə OYU-nun rektoru, professor Əhməd Vəliyev Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyətinin mehriban qardaşlıq münasibətlərindən danışmışdır.
Professor Əhməd Vəliyev Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq etdiyini qeyd etmişdir.
Rəhbərlik etdiyi OYU-nun fəaliyyəti, beynəlxalq əlaqələrindən bəhs edən rektor Şimali Kipr Türk Cümhuriyyətinin universitetləri ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulamışdır.
Görüşdən məmnun qaldıqlarını qeyd edən qonaqlar Odlar Yurdu Universiteti ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışlar.
Daha sonra OYU-nun rektoru Odlar Yurdu Universiteti, Odlar Yurdu Kolleci, BSB Tam Orta İnnovasiyalar Məktəbi, Müasir İnnovasiyalar Liseyi haqqında gələn qonağları məlumatlandırmışdır. Qonaqlar Odlar Yurdu Universitetin tədris şəraiti ilə də tanış olmuşdular.
Odlar Yurdu Universiteti və Dünya Barış Universiteti arasında əlaqələrin önəmindən danışan professor Əhməd Vəliyev gələcəkdə görüləcək işlərin davamlı və uğurlu olacağına inandığını söyləmişdir. Daha sonra görüşdə iştirak edən qonaqlara söz verilmişdir.
İki universitet arasında akademik əməkdaşliq protokolu və ikili diplom proqramı imzalanmışdır.
Qeyd edək ki, görüşdə Odlar Yurdu Universitetinin rektoru, Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, Birləşmiş Fakültələr Departamentinin rəhbəri, Şimali Kipr Türk Cümhuriyyətinin Dünya Barış Universitetinin rektoru və universitet nümayəndləri iştirak etmişlər.
Görüşün yekununda gələn qonaqla xatirə şəkilləri çəkdirilmişdir.