OYU əməkdaşları Erasmus+ layihəsi çərçivəsində Portuqaliyada səfərdə olmuşlar

30 Oktyabr, 2023

OYU əməkdaşları Erasmus+ layihəsi çərçivəsində Portuqaliyada səfərdə olmuşlar

Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov və Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində Portuqaliyanın paytaxtı Lissabon şəhərində növbəti işgüzar səfərdə olmuşlar.
Qeyd olunan səfərdə Odlar Yurdu Universitetinin əməkdaşları, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, ENGAGE layihəsində təmsil olunan digər Azərbaycan universitetlərinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvlərindən ibarət nümayəndə heyəti, həmçinin İsveç, Polşa, İspaniya və Estoniyadan olan xarici tərəfdaş universitetlərinin əməkdaşları da iştirak etmişlər.
Portuqaliyanın Lissabon Universitetində keçirilmiş təlimlərin əsas məqsədi universitetlərdə innovasiya və sahibkarlıq fəaliyyətlərinin təşkilinə dair Portuqaliya təcrübəsinin öyrənilməsindən ibarət olmuşdur.
Işgüzar səfər zamanı OYU-nun Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov Estoril Ali Turizm və Otelçilik İnstitutunun (ESHTE) prezidenti Karlos Santyaqo Neto Brandao ilə görüşmüşdür.
Görüş zamanı təhsil, elm və tədqiqat sahələrini əhatə üzrə ikitərəfli protokolun hazırlanması üçün razılıq və bu əməkdaşlıq protokolunun müddəaları hazırlanmışdır.
5 günlük təlim proqramına uyğun olaraq əməkdaşlarımız texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyaları, texnologiya əsaslı sahibkarlıq proqramları kimi mövzularda olan təqdimatlarla tanış olmuşlar və müzakirələr aparmışlar, o cümlədən Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərini ziyarət etmişlər.
Təlimlərin yekununda layihənin cari vəziyyətinin təhlilinin aparılması və gələcək 6 ay üçün fəaliyyət planının qurulması, eləcə də layihə konsorsiumunun üzvü olan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə 5 gün müddətində keçirilən təlim və təqdimatlara əsasən komanda işlərinin təşkili və Portuqaliyalı partnyotlarla qarşılıqlı fikir mübadiləsi aparılmışdır.