OYU-da Elmi Şuranın növbəti iclası keçirilmişdir

04 Noyabr, 2023

OYU-da Elmi Şuranın növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasda Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev əvvəlcə elmi şura üzvlərini salamlamış və universitetimizdə tədris prosesinin gedişi, qarşıda duran məsələlər haqqında məlumatları iclas iştirakçılarının nəzərinə çatdırmışdır.
İclasda çıxış edən Elm və İnnovasiyalar üzrə prorektor, professor Tərlan Abdullayev universitetimizdə aparılan elmi-tədqiqat işlərinin vəziyyətinin və kafedralar üzrə illik elmi hesabatların hazırlanma işinin qənaətbəxş olduğunu xüsusi vurğulamışdır.
O, çıxış edərək bildirmişdir ki, son zamanlar kafedraların əməkdaşları arasında elmi-tədqiqat işlərinə maraq xeyli artmışdır. Müəllimlər il ərzində müxtəlif Respublika və Beynəlxalq səviyyəli konfranslarda iştirak etmişlər. Bu barədə il sonunda təqdimat hazırlanaraq Elmi Şuraya təqdim ediləcəkdir. Bundan əlavə qeyd olunmuşdur ki, 2023-cu il 1-3 noyabr tarixlərində Azərbaycanın Odlar Yurdu Universiteti və Qardaş Türkiyənin İKSAD institutunun birgə təşkil etdiyi “Müasir Elmlər üzrə IX Beynəlxalq Asiya Kongresi”ində professor-müəllim heyəti və çoxlu sayda tələbələrimiz öz elmi məqalələri ilə konqresə qatılmışlar. Professor Tərlan Abdullayev kafedralarda keçirilən elmi seminarlar barədə də iclas iştirakçılarını məlumatlandırmışdır.
Sonra OYU-nun rektoru, professor Əhməd Vəliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı 7 noyabr 2023-cü il tarixində universitetimizdə tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı göstəriş vermişdir.
İclas Elmi Şuranın sədri, professor Əhməd Vəliyevin Şura üzvlərini qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etməsi və onlara iştiraklarına görə təşəkkürünü bildirməsi ilə yekunlaşmışdır.