OYU-nun müəllimi “InMerge Innovation Summit”də universitetimizi təmsil etmişdir

04 Dekabr, 2023

OYU-nun müəllimi “InMerge Innovation Summit”də universitetimizi təmsil etmişdir
Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Rəvanə Göyüşlü Bakı Konqres Mərkəzində “Pasha Holding”in təşkilatçılığı ilə keçirilmiş Bakıda innovasiya dünyasında dinamika yaradan “InMerge Innovation Summit”də iştirak etmişdir.
Artıq üçüncü ildir ölkəmizdə keçirilən sammit dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Layihənin məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, sıx əlaqələr yaratmaq və sahənin ölkəmizdəki inkişafına təkan verməkdir.
Sammitdə süni intellekt, elektron ticarət, sığorta texnologiyaları, telekommunikasiya və bir çox mövzuda təqdimatlar edilmiş, müzakirələr və seminarlar baş tutmuşdur.
Sammitdə “Apple” şirkətinin qurucularından olan məşhur kompüter mühəndisi Stiv Voznyak iştirak etmişdir. O, innovasiyalar sahəsindəki son yeniliklərdən, şəxsi layihələrindən danışmışdır.
Elektron ticarətin uğurlu şirkətlərindən biri “Trendyol” Şirkətlər Qrupunun baş direktoru Erdem İnan, məşhur TED spikeri Maykl Ringel, “Shazam”ın təsisçisi Kris Barton kimi bir çox tanınmış beynəlxalq ekspertlər iştirak etmişlər.
Qeyd edək ki, Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Rəvanə Göyüşlü həmtəsisçisi olduğu startupla qeyd olunan sammitdə universitetimizi təmsil etmişdir.