OYU-nun əməkdaşları “İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”ndə iştirak etmişlər

05 Dekabr, 2023

OYU-nun əməkdaşları “İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”ndə iştirak etmişlər
Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov, Beynəlxalq münasibətlər və turizm kafedrasının müdir müavini Səbinə Əliyeva, kafedra müəllimləri Elxan Əliyev və Nərgiz Məmmədzadə Dövlət Turizm Agentliyinin və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə keçirilən “İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”ndə iştirak etmişlər.
Görüşdə “Dövlət, Təhsil və Sənayenin Əlaqələndirilməsi: turizm təhsilində ən yaxşı təcrübələr”, "Kurrikulum tərtibatı: gələcək tələbat üçün turizm təhsilinin yaxşılaşdırılması”, “İnnovasiya və Texnologiya: turizm təhsilində yeni trendlər” mövzusunda panel müzakirələr keçirilmiş və turizm təhsili verən ali təhsil müəssisələrinin təqdimatları nümayiş etdirilmişdir.
Görüşün ikinci günündə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi və turizm təhsili müəssisələrinin vahid şəbəkəsinin yaradılması mövzularında dəyirmi masanın təşkili, eləcə də turizm təhsilinə aid müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi niyyətinin əks olunduğu “Bakı Bəyannaməsi”nin qəbulu nəzərdə tutulmuşdur.
Qeyd edək ki, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak etmişdir.