Odlar Yurdu Universitetində Elmi Şurasının iclası keçirilmişdir

15 Dekabr, 2023

Odlar Yurdu Universitetində Elmi Şurasının iclası keçirilmişdir
Odlar Yurdu Universitetinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclası Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırmışdır.
İclasda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti və Odlar Yurdu Universitetinin Sahibkarlıq və Biznes İnstitutunun rəhbəri olan prof. Məmməd Qurban oğlu Musayevə Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası üzrə professor elmi vəzifəsi verilmişdir.
Daha sonra Odlar Yurdu Universiteti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
OYU və ASK arasında imzalanan müqavilə Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir.
Sonra qonaqlar Odlar Yurdu Universitetinin inzibati binasında, sinif otaqlarında, kitabxanasında yaradılan şəraitlə yaxından tanış olublar. Sonda xatirə şəkilləri çəkilmişdir.
Qeyd edək ki, iclasda Odlar Yurdu Universitetinin rektoru, prorektorları, departament, fakültə və kafedra rəhbər və müdirləri və professor-müəllim heyəti və qonaq qismində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Qurban oğlu Musayev, ASK prezidentinin baş məsləhətçiləri Bəxtiyar Əvəz oğlu Ağayev və Fərid Cəbrayıl oğlu Vəlizadə iştirak etmişlər.