Alfraganus Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində

27 Dekabr, 2023

Alfraganus Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində
Özbəkistan Respublikasının Alfraganus Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Muminov Nozim Gaffaroviç, Rəqəmsal Texnologiyalar fakültəsinin dekanı Abdurakhmanov Abduaziz Abdugaffaroviç və universitetin nümayəndə heyəti Odlar Yurdu Universitetində olmuşlar.
Görüşdə OYU-nun rektoru, professor Əhməd Vəliyev Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixindən və dostluq münasibətlərindən danışmış, Azərbaycan və Özbəkistan arasında tarixi dostluq münasibətləri təhsil sahəsində də uğurla davam etdiyini bildirmişdir.
Cənab rektor universitetimiz haqqında qonaqlara ətraflı məlumat vermiş, rəhbərlik etdiyi ali təhsil ocağında universitet tələbələrinin inkişafı üçün böyük işlər görüldüyünü və hər sahədə, xüsusən universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırmışdır.
Daha sonra OYU-nun rektoru Odlar Yurdu Universiteti, Odlar Yurdu Kolleci, BSB Tam Orta İnnovasiyalar Məktəbi, Müasir İnnovasiyalar Liseyi haqqında gələn qonağları məlumatlandırmışdır. Qonaqlar Odlar Yurdu Universitetin tədris şəraiti ilə də tanış olmuşdular.
Görüşdən məmnun qaldıqlarını qeyd edən Alfraganus Universitetindən gələn qonaqlar Odlar Yurdu Universiteti ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışlar.
Odlar Yurdu Universiteti və Alfraganus Universiteti arasında əlaqələrin önəmindən danışan professor Əhməd Vəliyev gələcəkdə görüləcək işlərin davamlı və uğurlu olacağına inandığını söyləmişdir. Daha sonra görüşdə iştirak edən qonaqlara söz verilmişdir.
İki universitet arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Görüşün yekununda gələn qonaqlarla xatirə şəkilləri çəkdirilmişdir.