OYU-da ilk dəfə səs verəcək tələbələrimiz üçün seçki hüququ ilə bağlı maarifləndirici seminar keçirilmişdir

15 Yanvar, 2024

OYU-da ilk dəfə səs verəcək tələbələrimiz üçün seçki hüququ ilə bağlı maarifləndirici seminar keçirilmişdir
Odlar Yurdu Universitetində (OYU) növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələrimiz üçün seçki hüququ ilə bağlı maarifləndirici seminar keçirilmişdir. Seminar OYU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə gerçəkləşmişdir.
Maarifləndirici seminarda Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov, OYU Tələbə Gənclər Təşkilatının sədri Sevgiyyə Əlizadə, MSK Katibliyi təşkilat şöbəsinin böyük məsləhətçisi Şirzad Məmmədli, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı Bəxtiyar Quluzadə və universitetimizin tələbələri iştirak etmişlər.
Tədbirdə MSK nümayəndəsi tərəfindən tələbələrimizə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər izah olunmuş və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.