Odlar Yurdu Universitetində "Qanlı Yanvar Gecəsi" adlı konfrans keçirilmişdir

20 Yanvar, 2024

Odlar Yurdu Universitetində "Qanlı Yanvar Gecəsi" adlı konfrans keçirilmişdir
Odlar Yurdu Universitetində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Qanlı Yanvar Gecəsi" adlı konfrans keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Odlar Yurdu Universitetinin prorektorları, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.
Tədbirin əvvəlində TGT-nin sədri Sevgiyyə Əliyeva tədbir iştirakçılarını salamlamış, geniş və əhatəli şəkildə məruzə etmişdir. Sonra isə 20 Yanvar faciəsini əks etdirən qısametrajlı sənədli film nümayiş olunmuşdur.
Daha sonra çıxış üçün söz Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarova verilmişdir. O, çıxışında 20 Yanvar və onun həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolundan, Azərbaycanın inkişafı və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışmışdır. Prorektor qeyd etmişdir ki, məhz Heydər Əliyevin səyi və böyük xidmətləri nəticəsində gənc və müstəqil dövlət möhkəmlənərək XXI əsrə qədəm qoymuşdur. Onun uğurlu siyasəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilmişdir və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransda Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş çıxışları dinlənilmişdir.