Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində həyata keçirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin növbəti işçi görüşü baş tutub.
Toplantıda Azərbaycan Respublikası Təhsil Nazirinin müavini İdris İsayev, nazir müşaviri Nicat Məmmədli, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rektoru Qulu Novruzov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov və digər ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri iştirak ediblər.
Görüş zamanı layihə çərçivəsində hazırlanmış Rektorlar Konfransının Nizamnamə layihəsi, bu günə qədər görülmüş işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət planları ətrafında geniş müzakirələr aparılıb. İştirakçılar Konfransın strukturu, fəaliyyət mexanizmi və digər təşkilati məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Nazir müşaviri Nicat Məmmədli layihənin əhəmiyyətinə toxunaraq bildirib ki, Rektorlar Konfransı ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq trendlərə və çağırışlara daha səmərəli şəkildə inteqrasiyasına töhfə verəcək mühüm bir platformadır. O, həmçinin vurğulayıb ki, layihənin bu günədək uğurla icra olunması qarşıya qoyulan hədəflərə çatmaq baxımından əhəmiyyətli nəticələr vəd edir.