Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Odlar Yurdu Universitetində

12 Fevral, 2024

Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Odlar Yurdu Universitetində
Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun elmi işçisi Fərhad Kasenov Odlar Yurdu Universitetində olmuşdur.
İlk olaraq universitetimizə təşrif buyuran qonağı Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor, professor Fəxrəddin Məmmədov qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və genişləndirilməsi, eləcə də digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılmışdır.
Daha sonra növbəti görüş İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri professor Elşad Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, dosent Babək Feyzullayev və İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının professor-müəllim heyətinin iştirakı ilə baş tutmuşdur.
Görüşdə müasir şəraitdə ətraf mühit, ekoloji tarazlıq, alternativ enerji istehsalı və ixracı problemləri üzərində Odlar Yurdu Universiteti ilə Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutu arasında elmi tədqiqatların aparılması istiqamətində fikir mübadiləsi aparılmışdır. Orta Dəhliz konsepsiyasına uyğun olaraq Azərbaycan və Qazaxıstanın iqtisadi potensialının müasir inteqrasiya dövriyyəsinə cəlb edilməsinin yolları göstərilmişdir.
Nəticədə, Odlar Yurdu Universiteti ilə Qazaxıstanın Elm və Təhsil Nazirliyinin Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutu arasında tədqiqat və elmi mübadilə müstəvisində davamlı əməkdaşlığın qurulmasının vacibliyi qeyd edilmişdir.
Görüşün sonunda xatirə şəkli çəkilmişdir.