OYU-da Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

26 Fevral, 2024

OYU-da Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Odlar Yurdu Universitetində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Biz qayıtdıq Xocalım” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Xocalı soyqırımı qurbanlarının və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, prorektorlar, departament və kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.
Tədbirin əvvəlində TGT-nin sədri Sevgiyyə Əlizadə tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. Sonra isə Xocalı soyqırımını əks etdirən qısametrajlı sənədli film nümayiş olundu.
Daha sonra Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin iştirakı ilə “Biz qayıtdıq Xocalım” ədəbi-bədii kompozisiya təqdim olundu.
Sonda çıxış üçün söz Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə verildi.
O, çıxışında Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli hadisələrdən biri və Ermənistanın 200 ildən bəri həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir. Rektor vurğuladı ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən amansız qətliamdır.
Professor Əhməd Vəliyev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildiyini konfrans iştirakçılarına xatırlatmış və qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisində “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmişdir. O, BMT-yə və dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Bu gün də bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dünyanın bir çox ölkələri tərəfindən Xocalı soyqırımı tanınır.
Diqqətə çatdırılmışdır ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu döyüş meydanında Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisasını almışdır.