Odlar Yurdu Universiteti və “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev-Unudulmaz lider” adlı foto xalça sərgisinin təqdimat mərasimi keçirilmişdir.
Odlar Yurdu Universitetində təşkil olunan foto xalça sərgisində OYU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydin Mirzəzadə, Ceyhun Məmmədov, Vüqar İskəndərov, deputat Aydın Hüseynovun köməkçisi Vüsal Yusifov, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov və Baş katibi Aysel Tahirova iştirak etmişlər.
Sərgi iştirakçıları tərəfindən universitetimizin foyesində dahi şəxsiyyət, Ümumilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalara baxış keçirilmişdir. Xalçalar üzərində toxunmuş əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Daha sonra universitetimizin konfrans zalında görüş baş tutmuşdur.
Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilmiş, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev “Heydər Əliyev-Unudulmaz lider” adlı foto xalça sərgisinin təşkilini yüksək qiymətləndirərək qeyd etmişdir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ümumilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilmişdir ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu naliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardı.
Tədbir qonaqların çıxışları ilə davam etmiş, sonda xatirə şəkli çəkdirilmişdir.