OYU-da “1-ci Milli Biznes Forum” təşkil olunmuşdur

13 Mart, 2024

OYU-da “1-ci Milli Biznes Forum” təşkil olunmuşdur
Odlar Yurdu Universitetində sahibkar və tələbələr arası “1-ci Milli Biznes Forum” təşkil olunmuşdur. Forum dövlət başçısı İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsinə həsr olunmuşdur.
Odlar Yurdu Universiteti tədbirə ilk ev sahibliyi edən universitet olmuşdur. Tədbirin əsas məqsədi tələbələrə motivasiya olmaq, onları maarifləndirmək və cəmiyyətə faydalı şəxslər kimi yetişdirməkdir.
Forumda açılış nitqi ilə çıxış edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev gələn qonaqları, professor-müəllim heyətini və tələbələrimizi salamlayaraq bildirmiş ki, sahibkarlıq çox şərəfli bir işdir. Məhz buna görə də Ulu Öndər Heydər Əliyevin dövründə və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində sahibkarlıq fəaliyyəti yüksək qiymətləndirilir. Cənab rektor yüksək səviyyəli mütəxəssislərin hazırlanması üçün bu forumun keçirilməsini yüksək qiymətləndirmişdir.
Qeyd olunan tədbirdə bir çox elm, iş və incəsənət adamların çıxışları baş tutmuşdur.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin Hüquq və İnsan Resursları Departamentinin müdiri Esmira Tağıyeva, nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu, Dünya Azərbaycanlıları Mədəniyyət mərkəzinin vitse-prezidenti, sosial məsələlər üzrə ekspert Hacı Quliyev, sahibkar Elnur Allahverdiyev, rəssam Mehriban Alışova və digər iştirakçılar tələbələrin sahibkarlıq fəaliyyəti istiqamətində aparılan maarifləndirmə və onların cəmiyyətə faydalı şəxslər kimi yetişmələrində forumun əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Tədbir ilk ev sahibliyi edən Odlar Yurdu Universitetində bədii hissə ilə davam etmişdir.