Odlar Yurdu Universitetində Novruz bayramı böyük coşqu ilə qeyd olunmuşdur.
Tədbiri giriş sözü ilə açan OYU-nun rektoru, prof. Əhməd Vəliyev xalqımızı, dünyanın müxtəlif ölkələrində yaşayan bütün həmvətənlərimizi, universitetimizin və kollecimizin kollektivini, professor-müəllim heyətini və tələbələrini Novruz Bayramı münasibətilə ürəkdən təbrik etmiş, əziz bayram günlərində hər kəsə can sağlığı, sevinc və səadət, hər evə, hər ailəyə bahar ovqatı, süfrələrə bolluq-bərəkət, xalqımıza sülh və tərəqqi arzulamışdır.
Professor Əhməd Vəliyev Novruz bayramının işğaldan azad olunan torpaqlarımızda da qeyd olunduğunu fəxrlə vurğulayaraq bu sevinci bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, qalib Ordumuzun cəsur əsgərlərinə, qəhrəman Vətən oğullarımıza minnətdarlığını bildirmişdir.
Sonra çıxış edən Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov Novruz bayramı münasibətilə öz təbriklərini çatdırmış, bahar əhvali-ruhiyyəsi, cansağlığı və uğurlar arzulamışdır. Professor Fəxrəddin Məmmədov qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi bərəkət və firavanlıq gətirməsini diləmişdir.
Tədbirdə Novruz tonqalını alovlandıran OYU-nun rektoru, prof. Əhməd Vəliyev gənclərin milli ruhda böyüməsi üçün tələbələrə milli adət-ənənələrimizi öyrənmələrini və yaşatmalarını da tövsiyə etmişdir.
Tədbir bədii-musiqili hissə ilə davam etmişdir.
Odlar Yurdu Universiteti və Odlar Yurdu Kolleci tələbələrinin iştirakı ilə tədbir bədii-musiqili hissə ilə davam etmişdir.
Daha sonra tələbələrimizin təqdimatında Novruz bayramının personajları olan Kosa və Keçəlin iştirakı ilə səhnəciklər göstərilmişdir. Odlar Yurdu Universiteti və Odlar Yurdu Kolleci tələbələrinin təqdim etdiyi rəngarəng, oynaq, milli rəqsləri, ifaları, Novruz bayramına həsr olunmuş şeirləri, bayatıları alqışlarla qarşılanmışdır.