OYU-da "31 mart Azərbaycanlıların Soyqırım Günü"nə həsr olunmuş konfrans keçirilmişdir

01 Aprel, 2024

OYU-da "31 mart Azərbaycanlıların Soyqırım Günü"nə həsr olunmuş konfrans keçirilmişdir
Odlar Yurdu Universiteti və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə universitetimizdə "31 mart Azərbaycanlıların Soyqırım Günü"nə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri, həmçinin Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri olan h.e.d., professor Samir Vəliyev, universitetimizin prorektorları, departament və kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.
Tədbirin əvvəlində TGT-nin sədri Sevgiyyə Əlizadə məruzə etmişdir. Sonra isə 31 Mart - Azərbaycanlıların Soyqırımını əks etdirən qısametrajlı sənədli film nümayiş olunmuşdur.
Daha sonra çıxış üçün söz prof. Samir Vəliyevə verilmişdir.
Professor Samir Vəliyev 31 Mart Soyqırımının araşdırılması, bu barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinin Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla başladığını qeyd etmişdir. Bu Fərmanla erməni millətçilərinin hərəkətlərinə hüquqi-siyasi qiymət verilmiş, soyqırım barədə həqiqətlərin beynəlxalq təşkilatlara çatdırılması istiqamətində məqsədyönlü işlər aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamının ermənilərin cinayətkar və terror əməllərinin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində tarixi, siyasi və hüquqi rolu tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Sonda Odlar Yurdu Universiteti tələbələrinin “31 Mart - Azərbaycanlıların Soyqırımı” haqqında etdikləri çıxışlar dinlənilmişdir.