OYU-da Elmi Şuranın növbəti iclası keçirilmişdir

08 Aprel, 2024

OYU-da Elmi Şuranın növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclası OYU-nun rektoru, prof. Əhməd Vəliyev açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.
Sonra OYU-nun Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov çıxış edərək, Odlar Yurdu Universitetinin təşkil etdiyi və "Scopus"da indekslənən “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq elmi konfransa hazırlığın gedişatı barədə iclas iştirakçılarını məlumatlandırmış və universitetimizin professor-müəllim heyətinin, doktorantlarının, magistrlərinin beynəlxalq elmi konfransda iştirakının təmin edilməsi məsələsini gündəmə gətirmişdir.
Daha sonra iclasda Odlar Yurdu Universitetinin Humanitar, təhsil və dillər fakültəsinin dekanı, fil.f.d. Nuridə Muxtarzadəyə universitetimizin dosenti elmi adının verilməsi, OYU-nun Dillər kafedrasının müəllimləri Bəkirova Aynurə Nizami qızına, İsmayılova Aybəniz Arif qızına, Rzayeva Leyla Sabir qızına, Şükürova Məlahət Gündüz qızına baş müəllim vəzifəsinin verilməsi məsələsi ilə bağlı qərar qəbul olunmuşdur.
İclasda Dillər kafedrasının müəllimi Günay Xalid qızı Əfəndiyevaya Dillər kafedrası üzrə Odlar Yurdu Universitetinin dosent diplomu təqdim olunmuşdur.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə yekunlaşmışdır.