OYU-da Akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

28 Aprel, 2024

OYU-da Akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir
Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Sonra müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan qadınlarına xas olan ləyaqətli, şərəfli bir ömür yaşamış görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı OYU-nun Biologiya və Ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədov açaraq geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə rəğbət qazanmış Zərifə Əliyevanın mənalı ömür yolunun hər bir azərbaycanlı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu vurğulamışdır. Ramazan müəllim bildirmişdir ki, Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara nur bəxş etmiş, onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunmuşdur.
Konfransda çıxış edən universitetimizin tələbələri zəngin elmi irsi ilə Azərbaycan oftalmologiyasına mühüm töhfələr vermiş Zərifə xanım Əliyevanın Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışmışlar.
Daha sonra görkəmli alim Zərifə Əliyevanın fəaliyyətini əks etdirən və tələbələrimiz tərəfindən hazırlanan sənədli film nümayiş etdirilmişdir.
Qeyd edək ki, konfransda Odlar Yurdu Universitetinin prorektorları, departament və kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.