OYU-da "Qadın və onun cəmiyyətdə rolu" mövzusuna həsr olunmuş tədbir keçirilmişdir

03 İyun, 2024

OYU-da "Qadın və onun cəmiyyətdə rolu" mövzusuna həsr olunmuş tədbir keçirilmişdir
Odlar Yurdu Universitetinin Dillər kafedrasının və Tələbə Elmi Cəmiyyətinin birgə layihəsi olan "Qadın və onun cəmiyyətdə rolu" mövzusunda elmi-praktiki araşdırmanın müzakirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
İlk öncə, tədbiri Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Türkan Azəri açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və tədbir haqqında ümumi məlumat vermişdir.
Tədbirdə milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamasından danışılmışdır.
Qeyd olunmuşdur ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verilmişdir.
Tədbirdə çıxış edən OYU-nun Dillər kafedrasının dos. Günay Əfəndiyeva bildirmişdir ki, bu tədbirin məqsədi bu gün qloballaşan dünyada bizləri bir araya toplaya bilən, öz zərif təbiətlərinə baxmayaraq bəşəriyyətin yükünü bölüşən, bəzən çiynində ağır məsuliyyəti olan qadının cəmiyyətdə rolunu vurğulamaq və onlara minnətdar olmaqdır. Eyni zamanda belə maraqlı mövzunun xarici dildə araşdırılması tələbələrdə praktiki dil bacarıqlarının inkişaf etdirilməsi, xarici dil mütəxəssisi kimi yetişdirilməsində böyük töhvə verdiyi qeyd olunmuşdur.
Daha sonra tədbirdə Odlar Yurdu Universitetinin yerli və əcnəbi tələbələrinin çıxışları dinlənilmişdir.
Geniş tərkibdə və maraqlı məruzələrlə davam edən tədbir iştirakçılarının çoxşaxəli suallarının cavablandırılması ilə yekunlaşmışdır. Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.