Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi Nigar İbrahimova “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində İsveç Krallığının paytaxtı Stokholm şəhərinə səfər etmişdir.
Qeyd olunan səfər çərçivəsində innovasiya və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması, universitet-sənaye əməkdaşlığının formalaşdırılması, sahibkarlıq və innovasiya məzmunlu təhsilin təşkili, İsveç İnnovasiyalar Agentliyinin fəaliyyəti, İsveç Strateji İnnovasiya Proqramı, innovasiyanın və onun təsirlərinin artırılması üzrə beynəlxalq layihələr və digər mövzularda seminarların təşkili, həmçinin qarşılıqlı fikir mübadilələrinin aparılmasından ibarət olmuşdur.
Tədbirə layihənin Avropa tərəfdaşı İsveçin Kral Texnologiya Universiteti ev sahibliyi etmişdir. “Ali təhsilin inkişaf etdirilməsi” adlı təlim həmin universitetdə baş tutmuşdur.
İşgüzar səfərdə layihə konsorsiumunun üzvü olan Odlar Yurdu Universiteti və Azərbaycanın 11 ali təhsil müəssisəsinin nümayəndələri iştirak etmişlər.
Proqrama uyğun olaraq təlimlərin yekununda iştirakçılara Kral Texnologiya Universiteti tərəfindən sertifikatlar təqdim olunmuşdur.