OYU-da 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilmişdir

15 İyun, 2024

OYU-da 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilmişdir
Odlar Yurdu Universitetində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilmişdir.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev 15 iyun - Milli Qurtuluş Gününün Azərbaycan xalqının tarixində çox mühüm bir dövrü əks etdirdiyini vurğulamışdır. O, bu tarixi günün Azərbaycan xalqının böyük bəlalardan xilas olduğu bir gün olduğunu qeyd edərək, həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə gəldiyini və Azərbaycan dövlətçiliyinin süqutunun qarşısını aldığını bildirmişdir.
1993-cü ilin 15 iyununda Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycanda əsil dirçəliş dövrünün başladığını və bu dövrün yeni bir müstəqil Azərbaycan dövlətinin formalaşması ilə nəticələndiyini diqqətə çatdıran cənab rektor həmin dövrdən etibarən ordumuzun və iqtisadiyyatın güclənməsi istiqamətində mühüm addımların atıldığını və bugünkü Zəfərin, müasir Azərbaycanın təməlinin qoyulduğunu vurğulamışdır.
Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderin yolunu uğurla davam etdirdiyini bildirən prof. Əhməd Vəliyev ölkəmizin inkişafını və güclənməsini təmin etdiyini qeyd etmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionda lider dövlətə çevrildiyini, iqtisadiyyatın diversifikasiyası və ordu quruculuğu sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilməsini vurğulayan cənab rektor möhtərəm prezidentin uzaqgörən siyasəti nəticəsində ölkəmizin beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməsindən və müxtəlif sahələrdə, xüsusilə də infrastruktur, təhsil və sosial sahələrdə mühüm irəliləyişlərə nail olunmasından danışmışdır.
Sonra xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışını zəruri edən tarixi faktları özündə əks etdirən qısametrajlı film nümayiş olunmuşdur.
Daha sonra konfransın proqramına uyğun olaraq tələbələrin məruzələri dinlənilmişdir.
Tədbirdə OYU-nun təşkilatçılığı ilə keçirilən və ”Scopus”da indekslənən “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq elmi konfransda könüllü kimi fəaliyyət göstərən tələbələrimiz Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev tərəfindən sertifikatlarla təltif olunmuşlar.
Tədbir konsert proqramı ilə davam etmişdir.
Qeyd olunan konfransda universitetimizin professor-müəllim heyəti, tələbələri və dəvət olunmuş qonaqlar iştirak etmişlər.