OYU-da 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir

27 Sentyabr, 2024

OYU-da 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir
Odlar Yurdu Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir təşkil edilmişdir. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanmış və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə tələbələrimiz tərəfindən hazırlanan səhnə, şəhid Fariz Həsənovun xatirəsinə həyat yoldaşı, eyni zamanda Odlar Yurdu Universitetinin tələbəsi olan Əzizə Həsənova tərəfindən həsr edilmiş “Sevən qəlbin fəryadı” romanı əsasında qurulmuşdur. Bu tamaşa uğurla nümayiş etdirilmişdir.
Daha sonra, söz şəhid xanımı Əzizə Həsənovaya verilmişdir. O, tədbirin təşkilində əməyi keçən hər kəsə, universitet rəhbərliyinə və tələbələrə dərin təşəkkürünü bildirmişdir. “Bu gün burada toplaşmağımızın səbəbi yalnız şəhidlərimizi yad etmək deyil, eyni zamanda onların bizə miras qoyduğu dəyərləri yaşatmaqdır,” - deyərək, Vətən uğrunda canlarını fəda etmiş igidlərin xatirəsinə ehtiramını ifadə etmişdir. Əzizə xanım, həyat yoldaşı Fariz Həsənovun mübariz və igid bir insan olduğunu qeyd edərək, onun Vətən sevgisinin hər zaman öz qəlbində yaşadığını və bu dəyərin gələcək nəsillərə miras qalacağını bildirmişdir.
Tədbirin davamında tələbələrimiz tərəfindən vətənpərvərlik mövzusuna aid ifalar da təqdim edilmişdir. Tələbələrimizin ifasında, şəhidlərimizin xatirəsinə, Vətən sevgisinə və mübarizəyə həsr olunmuş mahnılar səsləndirilmiş, onların igidlikləri bir daha xatırlanmışdır. Bu ifalar iştirakçılara dərin emosiyalar yaşadaraq, unudulmaz anlar bəxş etmişdir.
Tədbirin sonunda Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev çıxış edərək, 27 Sentyabrın əhəmiyyətini vurğulamışdır. O, bu günün Azərbaycanın tarixinə qəhrəmanlıq və fədakarlıq günü kimi daxil olduğunu bildirmişdir. Rektor, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin hər zaman hörmətlə anılmasının vacibliyini qeyd etmişdir. Onların fədakarlığı, xalqımızın azadlığı uğrunda göstərdiyi iradə və cəsarət gənc nəsillərə örnək olmalı olduğunu qeyd etmişdir.
Cənab rektor, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın uğurlu hərbi əməliyyatlarını vurğulayaraq, ölkəmizin birliyinin və gücünün simvolu olduğunu bildirmişdir. O, Prezidentimizin strategiyası və qətiyyətinin, ölkəmizin ərazi bütövlüyünün bərpasında müstəsna rol oynadığını qeyd etmişdir.
Eyni zamanda, professor Əhməd Vəliyev tələbələrin bu tədbirdəki iştirakını və vətənpərvərlik ruhunu yüksək qiymətləndirmişdir. O, tələbələrin hazırladıqları ifaların dərin emosional yükə malik olduğunu, onların Vətənə olan sevgisini və şəhidlərə olan ehtiramını əks etdirdiyini vurğulamışdır. Cənab rektor, tələbələrin birliyinin və fədakarlığının gələcək nəsillərə ilham verəcəyini, onların bu müsbət ruhla daha böyük uğurlara imza atacağına inandığını ifadə etmişdir. Tələbələrimizin bu cür ruh yüksəkliyi ilə yetişməsi, gələcəkdə Vətənimiz üçün daha böyük nailiyyətlər əldə edəcəyinə inam yaratmışdır.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirmişdir. Bu şəkil, şəhidlərin xatirəsinə olan sevgini əks etdirərək, birlik və həmrəylik rəmzi olaraq yaddaşlarda qalacaq.