Odlar Yurdu Universitetinin əməkdaşı Koreyada keçirilən beynəlxalq startap təlimində iştirak etmişdir

25 Sentyabr, 2024

Odlar Yurdu Universitetinin əməkdaşı Koreyada keçirilən beynəlxalq startap təlimində iştirak etmişdir
“Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində Koreya Respublikasının paytaxtı Seul şəhərində startap təlimatçıları üçün beynəlxalq təlim-seminar təşkil edilmişdir. Təlimlər “Azərbaycanla 2024 K-İnnovasiya Tərəfdaşlığı Proqramı” çərçivəsində baş tutmuşdur və tədbirdə Odlar Yurdu Universitetinin Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü fəal iştirak etmişdir.
Təlimlərin əsas məqsədi startap təlimatçılarının biznes modellərinin inkişafı üzrə bacarıqlarının artırılması və Koreyanın startaplara dəstək proqramları ilə tanışlıq idi. Rəvanə Göyüşlü, digər iştirakçılarla birgə Koreya startap ekosisteminin müxtəlif aspektləri ilə yaxından tanış olaraq, qabaqcıl təcrübələr əldə etmişdir. Təlimlər çərçivəsində Koreya “I-Corp” proqramı, Seul Milli Universiteti, Seul Milli Elm və Texnologiya Universiteti kimi aparıcı təhsil müəssisələrinin, həmçinin “Delta Tech Korea”, “Insightors” və Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) nümayəndələri mühazirələrlə çıxış etmişdir.
Təlimlərin yekunu olaraq, Rəvanə Göyüşlünün də daxil olduğu azərbaycanlı mütəxəssislər iki qrup şəklində biznes modellərinin inkişafı üzrə layihələrini təqdim etmişdir. Bu təqdimatlar koreyalı ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir. Təlimin sonunda bütün iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Ramin Həsənovla da görüşmüşdür. Görüş zamanı Azərbaycanda innovasiya ekosisteminin cari vəziyyəti, startapların inkişafı ilə bağlı məsələlər müzakirə olunmuşdur. Ramin Həsənov, bu istiqamətlərdə səfirliyin lazımi kömək göstərməyə, o cümlədən Koreyanın müvafiq təşkilatları ilə əlaqələndirmənin təşkilinə hazır olduğunu ifadə etmişdir.