Odlar Yurdu Universitetinin nümayəndələri ADA Universitetində keçirilən simpoziumda iştirak etmişlər
ADA Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə təşkil edilən və ali təhsil müəssisələrinin keyfiyyət təminatına həsr olunmuş milli simpozium baş tutmuşdur. Tədbirdə yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin təhsildə keyfiyyət təminatı sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak etmişlər.
Odlar Yurdu Universitetini bu mühüm tədbirdə Keyfiyyət təminatı və qiymətləndirilmə departamentinin müdiri, professor Eldar Hüseynov və İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi Nigar İbrahimova təmsil etmişlər. Onlar simpozium çərçivəsində aparılan müzakirələrdə fəal iştirak edərək universitetdə keyfiyyət təminatı sahəsində tətbiq olunan təcrübələr və inkişaf istiqamətləri barədə məlumat vermişlər.
Tədbir ali təhsil müəssisələrində tədrisin keyfiyyətini artırmaq üçün yeni yanaşmaların müzakirəsinə şərait yaratmışdır. Təlimlər və seminarlar çərçivəsində iştirakçılar müasir təhsil metodları, kursların qiymətləndirilməsi, məlumatların idarə olunması və institusional akkreditasiya ilə bağlı mövzularda fikir mübadiləsi aparmışlar.
Simpoziumun sonunda iştirakçılar ali təhsil müəssisələri arasında əməkdaşlığın vacibliyini vurğulamış və keyfiyyət təminatı sahəsində birgə layihələr həyata keçirmək məqsədilə yeni platformaların yaradılması ilə bağlı təşəbbüslər irəli sürmüşlər. Tədbir çərçivəsində iştirakçılara simpoziumda fəal iştiraka görə sertifikatlar da təqdim olunmuşdur.