Ölkədə devalvasiya gözlənilir? - İQTİSADÇI ŞƏRH ETDİ

14 İyul, 2022

Ölkədə devalvasiya gözlənilir? - İQTİSADÇI ŞƏRH ETDİ

“Azərbaycanda devalvasiyanın baş verməsi üçün heç bir fundamental səbəb mövcud deyil. Azərbaycanda artıq uzun müddədir ki, ölkəyə daxil olan valyutanın ölkədən xaric olan valyutanın həcmindən xeyli dərəcədə çox olmasını görürük". Bu fikirləri SİA-ya açıqlamasında Odlar Yurdu Universitetinin kafedra müdürü, iqtisadçı professor Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, həm xarici ticarətdə, həm də bütövlükdə cari əməliyyatlarda bu belədir: "Azərbaycana valyutanın daxil olması əsas xarici ticarət və neftlə bağlıdır. Amma o göstəricilər üzrə artan valyuta daxilolmalarının şahidi oluruq. Bu da milli valyutamızın möhkəmliyinə şərait yaradır. Eyni zamanda kapital hərəkatına nəzər salsaq görərik ki, xarici ticarətdəki müsbət saldo ölkəmizdən çıxarılan kapitalın həcmindən çoxdur. Bununla yanaşı Azərbaycanda məzənnə siyasətinin spesifikasına əsaslanaraq deyə bilərik ki, ölkəmizdəki valyuta məzənnələrinə dövlət nəzarət edir. Ona görə də son nəticədə qərar aidiyyatı dövlət qurumlarının yanaşmasından asılı olacaq. Amma fundamental olaraq milli valyutamızın dəyərdən düşməsinə heç bir iqtisadi əsas yoxdur.

Düşünürəm ki, adekvat pul krediti siyasəti Azərbaycanda mövcud olarsa yaxın müddətli perspektivdə devalvasiyanın gözlənilməməsi barədə qəti fikirlər bildirmək olar. Ölkədə devalvasiyanın baş verməsi böyük iqtisadi problemlərə səbəb ola bilər. Ona görə də düşünürəm ki, bu baş verməməlidir. Azərbaycanın milli daxili bazarının, investisiya mühitinin qorunması nöqteyi-nəzərdən devalvasiyanın arzu olunmadığını vurğulaya bilərik”.