“Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərinin təsiri” mövzusunda Respublika konfransı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, AMEA və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda keçirilmişdir.
Tədbir, COP 29-a dəstək məqsədini güdür və ekosistemlərin mühafizəsi ilə iqlim dəyişikliyinə qarşı mübarizə strategiyalarının inkişaf etdirilməsi üçün platforma yaratmışdır.
Konfransda Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov açılışda iştirak edərək, tədbirin əhəmiyyətini vurğulamışdır.
Eyni zamanda, Biologiya və Ekologiya kafedrasının müdiri, professor Ramazan Məmmədov da konfransda çıxış edərək, fikirlərini bölüşmüşdür.
Tədbirdə alimlər və mütəxəssislər iqlim dəyişikliyinin ətraf mühitə və biomüxtəlifliyə təsirini müzakirə edərək, bu sahədə innovativ həll yolları axtarmışlar. İştirakçılar, Qarabağın ekoloji problemlərini və iqlim dəyişikliyinin yaratdığı çətinlikləri təhlil edərək, bu problemlərin həlli üçün müxtəlif elmi yanaşmalar təqdim etmişlər.
Konfransın əsas məqsədi qlobal iqlim dəyişikliyinin yaratdığı təhlükələrə qarşı birgə mübarizə aparmaq, ekosistemlərin qorunmasını təmin etmək və bu sahədə yeni elmi tədqiqat istiqamətlərini inkişaf etdirmək olmuşdur. Həmçinin, tədbir COP 29-a dəstək vermək məqsədini güdür, bu da beynəlxalq müzakirələrə töhfə vermək baxımından önəmli bir addım olmuşdur.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur, bu da onların konfransda aktiv iştirakını və elmi müzakirələrdəki töhfələrini qiymətləndirmişdir.