OYU-da Elmi Şuranın iclası keçirilmişdir

06 Dekabr, 2024

OYU-da Elmi Şuranın iclası keçirilmişdir
Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası universitetin rektoru, professor Əhməd Vəliyev açmış, iclas iştirakçılarını salamlamış və gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.
Professor Əhməd Vəliyev ilk olaraq, Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrasının müdiri vəzifəsinə yeni təyin olunmuş fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA Rəyasət Heyətinin üzvü professor Bilal Bilalovu Elmi Şura üzvlərinə təqdim etmişdir. O, professor Bilal Bilalovun elmi nailiyyətləri və fəaliyyəti haqqında məlumat vermiş və ona yeni vəzifəsində uğurlar arzulamışdır.
Elmi Şura üzvləri də öz növbələrində professor Bilal Bilalovu təbrik etmiş və gələcək fəaliyyətində müvəffəqiyyət diləmişlər.
İclasda payız semestrinin imtahan sessiyasına hazırlıq, kafedralar üzrə müəllimlərin elmi fəaliyyəti, elmi seminarlar, konfranslar və tədqiqat işləri müzakirə olunmuşdur. Eyni zamanda universitetin nizam-intizam qaydaları ilə bağlı məsələlərə və cari məsələlərə diqqət yetirilmişdir.
Elmi Şura üzvləri gündəlikdəki bütün məsələləri geniş müzakirə etmiş və müvafiq qərarlar qəbul etmişlər.