Düzce Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində

16 Dekabr, 2024

Düzce Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində

Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Türkiyənin Düzce Universitetinin rektoru, professor Nedim Sözbir, universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sibel Bayram və digər əməkdaşlardan ibarət nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Milli Məclisin deputatı, millət vəkili, professor Samir Vəliyev, OYU-nun Keyfiyyət təminatı və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov və Humanitar, Təhsil və Dillər fakültəsinin dekanı, dosent Nuridə Muxtarzadə iştirak etmişlər.
Görüş zamanı iki universitet arasında mövcud olan əməkdaşlığın genişləndirilməsi və gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur. Professor Əhməd Vəliyev çıxışında iki qardaş ölkənin ali təhsil müəssisələri arasında bağlanmış müqavilənin əhəmiyyətini vurğulamışdır. Cənab rektor bu əməkdaşlığın yalnız universitetlər arasında deyil, ümumilikdə elmi və akademik sahədə mühüm nəticələrə səbəb olacağını bildirmişdir. Professor Əhməd Vəliyev birgə elmi layihələrin həyata keçirilməsi, konfrans və simpoziumların təşkil olunması kimi sahələrdə yeni imkanların yaradılacağını xüsusi qeyd etmişdir.
Düzce Universitetinin rektoru, professor Nedim Sözbir isə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, təhsil və tədris prosesindəki yeniliklər, kadr hazırlığı və mövcud ixtisaslar barədə məlumat vermişdir. O, universitetdə tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin gücləndirilməsi və innovativ metodların tətbiqi istiqamətində aparılan islahatlardan bəhs etmişdir.
Görüşdə iki universitet arasında möhkəmlənən tərəfdaşlığın elmi və akademik sahədə yeni imkanlar yaradacağı, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyi vurğulanmışdır.
Bu görüş, iki universitet arasında səmərəli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addım olmuşdur.