İstanbul Aydın Universitetinin nümayəndələri Odlar Yurdu Universitetində qonaq olmuşlar

18 Dekabr, 2024

İstanbul Aydın Universitetinin nümayəndələri Odlar Yurdu Universitetində qonaq olmuşlar
İstanbul Aydın Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Dr. Mustafa Aydın və Avrasiya Universitetlər Birliyinin baş direktoru Səbinə Hüseynova Odlar Yurdu Universitetini ziyarət etmişlər.
Görüşdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Milli Məclisin deputatı, millət vəkili professor Samir Vəliyev və Odlar Yurdu Universitetinin keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov iştirak etmişlər.
Görüş zamanı Azərbaycan və Türkiyə arasındakı tarixi və strateji tərəfdaşlıq münasibətləri müzakirə edilmiş, bu əlaqələrin təhsil və elmi əməkdaşlıq sahəsində daha da dərinləşdirilməsinin vacibliyi vurğulanmışdır. Tərəflər, ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması və beynəlxalq konfransların təşkili kimi mövzular ətrafında fikir mübadiləsi aparmışlar. Həmçinin, innovativ təhsil metodlarının tətbiqi, müasir tədris proqramlarının hazırlanması və gənclərin rəqabətqabiliyyətli mütəxəssislər kimi yetişdirilməsi məsələləri müzakirə olunmuşdur.
Görüş zamanı hər iki ölkənin universitetlərinin qlobal akademik məkanda nüfuzunun artırılması, əməkdaşlığın genişləndirilməsi və təhsil vasitəsilə xalqlar arasında mədəni və elmi körpülərin qurulmasının vacibliyi xüsusilə vurğulanmışdır. Elmi və akademik əməkdaşlığın yalnız ali təhsil müəssisələrinin inkişafına deyil, həm də Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığının güclənməsinə xidmət etdiyi ifadə olunmuşdur.
Sonda xatirə şəkli çəkilmiş və görüş yüksək peşəkarlıq və konstruktiv əməkdaşlıq ruhunda başa çatmışdır.