Odlar Yurdu Universiteti növbəti dəfə qlobal akademik səviyyədə müstəsna uğuruna imza atıb. Dünyanın ən nüfuzlu elmi nəşriyyat platforması olan Elsevier, Universitetin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədova xüsusi təbrik məktubu göndərib. Bu məktub, professor Fəxrəddin Məmmədovun davamlı olaraq Web of Science və Scopus elmi məlumatlar bazalarında daxil olan jurnallardaki nəşr olunan məqalələrə verdiyi keyfiyyətli istinadlara və elmi resenziya sahəsində göstərdiyi peşəkarlığın və beynəlxalq elm dünyasında nüfuzunun bir daha təsdiqidir.
Məktubda vurğulanır ki, professor Fəxrəddin Məmmədovun resenziya prosesindəki töhfələri, elmi araşdırmaların qlobal səviyyədə ən yüksək standartlara uyğun olmasına xidmət edib. Elsevier-in rəhbərliyi onun araşdırmalarına və ekspertizasına böyük ehtiram göstərərək bildirir:
"Sizin resenziya sahəsindəki fəaliyyətiniz yalnız Elsevier nəşrlərinin keyfiyyətini artırmaqla qalmır, eyni zamanda qlobal elmin inkişafına əvəzsiz töhfə verir. Bu sahədəki sadiqliyiniz və peşəkarlığınız ilhamvericidir."
Qeyd edək ki, Elsevier, dünyanın ən aparıcı elmi nəşriyyat platforması olaraq, qlobal elmi tədqiqatların keyfiyyətinə nəzarət etməkdə və innovativ araşdırmaların dəstəklənməsində ön sırada dayanır. Nəşriyyat platforması 2,900-dən çox rəqəmsallaşdırılmış jurnal nəşr edir, bunlar arasında "The Lancet" və "Cell" kimi nüfuzlu jurnallar da mövcuddur. 46,000-dən çox elektron kitab arasında "Gray’s Anatomy" kimi ikonik istinad əsərləri də yer alır. 2000-ci ildən etibarən, elmdəki Nobel mükafatı laureatlarının 99%-dən çoxu Elsevier jurnallarında nəşr olunub.
2025-ci il üçün yeniliklərdən danışan Elsevier rəhbərliyi, professor Fəxrəddin Məmmədov kimi elm xadimlərinin rolunu xüsusi vurğulayaraq, onların dünya miqyasında elmin gələcəyini formalaşdırmaqda aparıcı qüvvə olduğunu qeyd edib.
Professor Fəxrəddin Məmmədovun bu platformada tanınması, Odlar Yurdu Universitetinin beynəlxalq elmi arenada öz güclü mövqeyini bir daha nümayiş etdirir və universitetimizin bu möhtəşəm uğuru, həm də Azərbaycanın elmi mərkəz olaraq beynəlxalq nüfuzunu artırır.
Universitetimizin rəhbərliyi və kollektivi, professor Fəxrəddin Məmmədovu qlobal elmi nailiyyətlərə verdiyi töhfəyə görə ürəkdən təbrik edir və onun uğurları ilə qürur duyur.