Odlar Yurdu Universitetində Startap və inkubasiya mərkəzinin rəhbəri Rəvanə Göyüşlünün təşəbbüsü ilə startap ekosisteminin əhəmiyyətinə həsr olunmuş seminar keçirilmişdir. Seminarda OYU-nun Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrasının professor-müəllim heyəti və qonaqlar iştirak etmişlər.
Seminar çərçivəsində startap anlayışının mahiyyəti, onun innovativ iqtisadiyyatda rolu və sahibkarlıq ekosistemində yaratdığı imkanlar geniş şəkildə izah olunmuşdur. Xüsusilə Odlar Yurdu Universitetinin müəllim və tələbələri üçün startapların əhəmiyyəti vurğulanmış, dünya ölkələrində bu sahənin inkişafı və onun ölkə iqtisadiyyatına təsiri barədə statistik məlumatlar təqdim olunmuşdur.
Seminarın diqqətçəkən məqamlarından biri elmi tədqiqatların startap layihələrinə çevrilmə perspektivlərinin müzakirəsi olmuşdur. Bu kontekstdə Odlar Yurdu Universitetində aparılan elmi araşdırmaların innovativ sahibkarlıq mühitinə inteqrasiyası məsələsi ön plana çəkilmişdir. İştirakçılara müxtəlif nümunələr təqdim olunmuş, akademik biliklərin praktik tətbiqinə dair fikir mübadiləsi aparılmışdır.
Seminarın sonunda Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və iştirakçılar mövzu ilə bağlı suallar ünvanlamış, müzakirələr aparılmış və gələcək əməkdaşlıqlar üçün yeni ideyalar irəli sürülmüşdür.
Odlar Yurdu Universitetində keçirilmiş bu seminar, innovasiya və sahibkarlıq sahəsində bilik və bacarıqların artırılması baxımından faydalı platforma kimi yadda qalmışdır.