Odlar Yurdu Universitetində Elmi işlər üzrə prorektor, professor Tərlan Abdullayevin 80 illik yubileyi qeyd edilmişdir. Universitetin rəhbərliyi və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə yubilyarın uzun illər ərzində elmi fəaliyyətə verdiyi töhfələr, pedaqoji sahədəki nailiyyətləri və universitetin inkişafında oynadığı mühüm rol yüksək qiymətləndirilmişdir.
İlk olaraq OYU-nun rektoru, professor Əhməd Vəliyev professor Tərlan Abdullayevin elmi fəaliyyətini və akademik mühitə gətirdiyi yenilikləri vurğulamışdır. O, yubilyarın uzun illər ərzində universitetin elmi potensialının gücləndirilməsinə, tələbələrin bilik səviyyəsinin artırılmasına və elmi araşdırmaların inkişafına mühüm töhfə verdiyini bildirmişdir. Çıxış zamanı professor Tərlan Abdullayevin gənc tədqiqatçılar üçün bir mentor və istiqamətverici şəxsiyyət olduğu xüsusi qeyd edilmiş, onun prinsipial mövqeyi və elmi yeniliklərə daim açıq olması yüksək qiymətləndirilmişdir.
Daha sonra Keyfiyyətin təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor, professor Fəxrəddin Məmmədov çıxış edərək professor Tərlan Abdullayevin universitetin akademik mühitində mühüm mövqeyə sahib olduğunu qeyd etmişdir. Onun elmi tədqiqatlara, tələbələrin yetişdirilməsinə və universitetin elmi mühitinin inkişafına verdiyi töhfələr xüsusi vurğulanmışdır. Yubilyarın zəhmətsevərliyi, biliyə olan sonsuz həvəsi və pedaqoji fəaliyyətə bağlılığı tədbir iştirakçılarının hər biri tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirdə iştirak edən OYU-nun professor-müəllim heyəti də yubilyarı təbrik edərək onun pedaqoji və elmi fəaliyyətinin əhəmiyyətindən bəhs etmiş, tələbələr və gənc tədqiqatçılar üçün dəyərli bir nümunə olduğunu qeyd etmişlər.
Yubilyarın özü çıxış edərək göstərilən diqqət və ehtirama görə universitet rəhbərliyinə və kollektivə minnətdarlığını bildirmiş, uzun illər ərzində Odlar Yurdu Universitetində çalışmaqdan qürur duyduğunu qeyd etmişdir.
Tədbir mehriban və səmimi ab-havada keçmiş, iştirakçılar yubilyara xoş arzularını çatdırmışlar.