Antalya Belek Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində

14 Fevral, 2025

Antalya Belek Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində
Antalya Belek Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetini ziyarət etmişlər. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların birgə aparılması və tələbə-müəllim mübadilə proqramlarının inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev qonaqları salamlayaraq, universitet haqqında ümumi məlumat vermişdir. O, Odlar Yurdu Universitetinin müasir dövrün tələblərinə uyğun yüksək keyfiyyətli təhsil vermək məqsədilə həyata keçirdiyi islahatlardan, beynəlxalq akademik şəbəkələrdə aktiv iştirakından və elmi araşdırmaların genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışmışdır. Cənab rektor, Antalya Belek Universiteti ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün yeni imkanlar yaradacağını vurğulamış, birgə elmi-tədqiqat layihələrinin reallaşdırılması, beynəlxalq konfransların təşkili və müəllim-tələbə mübadiləsinin gücləndirilməsi məsələlərinin prioritet olduğunu qeyd etmişdir.
Görüşdə Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov da çıxış edərək, universitetdə keyfiyyət təminatı, innovativ yanaşmalar və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr haqqında danışmışdır. O, universitetlər arasında təcrübə mübadiləsinin və birgə akademik fəaliyyətin əhəmiyyətini vurğulayaraq, bu sahədə potensial əməkdaşlıq imkanlarını qeyd etmişdir.
Türkiyədən olan nümayəndə heyətinə Antalya Belek Universitetinin Qəyyumlar şurasının sədri Ekrem Çalkılıç rəhbərlik etmişdir. O, Odlar Yurdu Universitetində olmaqdan məmnunluğunu bildirmiş, iki universitet arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulamışdır. Görüş çərçivəsində elmi konfrans və seminarların təşkili, tədris resurslarının mübadiləsi və akademik əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda xatirə şəkli çəkdirilmiş və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.